Varşavada Qərbi Azərbaycanla bağlı çağırış | QAİ-nin təşkilatçılığı ilə sərgi keçirildi
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib.
“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgidə indiki Ermənistan ərazisində mövcud olmuş 3 500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğu vurğulanıb.
Həmçinin müxtəlif illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki soydaşlarımızın indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə yeksan edildiyi diqqətə çatdırılıb.
Mədəni irsə edilən hücumların həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyi qeyd edilərək beynəlxalq ictimaiyyətə, icmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırış edilib.
Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib.