Xarici ölkələr və ölkəmizdəki səfirliklər Azərbaycana başsağlığı veriblər
ABŞ səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“ABŞ səfirliyi Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq”, – deyə başsağlığında qeyd olunub.
Böyük Britaniya səfirliyinin başsağlığında isə deyilir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşılanıb.
“Böyük Britaniya hökuməti hakimiyyət orqanları ilə əlaqə saxlayır”, – deyə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.
“Təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə Fransanın Azərbaycandakı səfirliyinin başsağlığında bildirilib.
Meksikanın ölkəmizdəki səfirliyinin başsağlığında isə yaralıların tezliklə sağalmaları arzu edilib. İsrailin Azərbaycandakı səfirliyi təyyarə qəzasından kədərləndiklərini dilə gətirib.
“Qəza nəticəsində xəsarətalanların ailələrinə başsağlığı verir, sağ qalanların sağalması üçün dua edirik. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür lazımi yardım göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun”, – deyə başsağlığında vurğulanıb.