Yeganə yol budur | ABŞ səfirliyindən Qərbi Azərbaycan açıqlaması
Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistandan qovulan azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sual cavablandırılarkən bildirilib.
"Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", – deyə diplomatik missiyadan bildirilib.
Bundan əlavə qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.