#Hadrut
icon

Hadrut — Xocavənd rayonunun işğaldan azad edilmiş qəsəbəsi

Hadrut Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində yerləşən qəsəbədir. Qəsəbə Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir. Adın etimologiyasına görə oykonim İran dillərindəki "ha" — ara, "dü" — iki və "rud" — çay komponentlərindən düzəlib, "iki çayın arası" mənasını verir.

Tarixi

Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1847-ci ildən burada Poltava atlı kazak alayının qərargahı yerləşirdi. 8 avqust 1930-cu ildə Şuşa və Cəbrayıl qəzalarının hissələrindən Dizaq rayonu yaradılmış, 1939-cu il sentyabrın 17-də isə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə rayonun adı dəyişdirilərək Hadrut rayonu adlandırılmışdır. 26 noyabr 1991-ci ildə rayon ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir.

İşğal və azadolunma

Hadrut qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 28 il işğal altında qalan qəsəbə 9 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı yaradılmış, 2021-ci ilin dekabrında isə Azərbaycan Silahlı Qüvvələri Komando briqadasının hərbi hissəsi açılmışdır.

Tarixi abidələr

Hadrut ərazisində həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidələrə rast gəlinir. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində Hadrut nümayəndələrinin iştirakı bu ərazinin mədəni və iqtisadi həyatda oynadığı rola dair tarixi şəhadət kimi qeyd olunur.