Rəşad Məmmədqulu oğlu Mahmudov 1974-cü il yanvarın 18-də Astara rayonunda anadan olub. Azərbaycanın ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru olan Mahmudov Milli Məclisin V, VI və VII çağırış deputatı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, ölkənin əməkdar həkimidir.
Təhsili
Mahmudov 1991-1997-ci illərdə Türkiyənin 9 Eylül Universitetinin Tibb fakültəsində ali təhsil almış, 1997-2003-cü illərdə Ege Universitetinin ürək cərrahiyyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyaraq Uzmanlıq Diplomunu müdafiə etmişdir. 2006-cı ildə tibb elmləri namizədi, 2007-2015-ci illər arasında isə tibb üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Türkiyədəki erkən karyerası
1997-2003-cü illərdə Ege Universitetinin Ürək cərrahiyyəsi kafedrasında həkim-cərrah kimi çalışan Mahmudov 2003-2005-ci illər arasında Türkiyənin Sifa və Kent xəstəxanalarında ürək və damar cərrahı vəzifəsində fəaliyyət göstərmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasındakı fəaliyyəti
2005-ci il sentyabrın 7-də o dövrün baş həkimi Fəxrəddin Cavadovun təşəbbüsü ilə Mahmudov Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Cərrahiyyəsi Mərkəzinin rəhbəri təyin edilmiş, 2017-ci ilə qədər bu vəzifədə çalışmışdır. 2017-2018-ci illərdə Respublika Diaqnostika Mərkəzi direktorunun müavini olmuşdur.
Mərkəzi Gömrük Hospitalındakı fəaliyyəti
2018-ci ildən Mahmudov Mərkəzi Gömrük Hospitalı Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsini icra edir. O, iyirmiyə yaxın beynəlxalq konfransın təşkilatçısı, üç kitabın və səksənə yaxın elmi məqalənin müəllifidir.
Parlament fəaliyyəti
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan Mahmudov Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür. O, bir sıra ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, eləcə də Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Fəxri təltiflər
Mahmudov "Tərəqqi" medalı, Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" və "Heydər Əliyevin 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir.
