32 saniyəyə bir ömrün xatirəsini sığdıran şəhid Rəhim Hüseynovun son sözləri - REPORTAJ
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Rəhim Hüseynov haqqında reportaj hazırlayıb.
Rəhim Hüseynov ailəsinin dördüncü övladı olub. Ondan əvvəl ailədə üç oğlan uşağı dünyasını dəyişib. Buna görə də Rəhim ailəsi üçün yalnız çoxdan gözlənilən övlad deyil, həm də bütün nəslin sevimlisi olub.
Anası Həqiqət Hüseynova oğlunun uşaqlıq illərini xatırlayarkən onun erkən yaşlarından fərqləndiyini bildirib:
“Rəhim bizim dördüncü övladımızdır. Rəhimdən əvvəl üç oğlumuz tələf olub. Ona görə də Rəhim bizim üçün arzu edilən uşaq olub. Təkcə ailəmizdə yox, bütün nəslin sevimlisi olub”.
Həqiqət Hüseynovanın sözlərinə görə, Rəhim 13 yaşından ailəsindən ayrı yaşamağa başlayıb. Hərbi təhsil və sonrakı xidmət illəri ərzində onu nadir hallarda görə biliblər. “Biz Rəhimi bir də şəhid olandan sonra tanıdıq”, – deyə anası bildirib.
Mayor Rəhim Hüseynov Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri kimi müxtəlif xarici ölkələrdə ölkəmizi təmsil edib. Atası Qədir Hüseynovun sözlərinə görə, o, təxminən 30 xarici ölkədə Azərbaycan Müdafiə Nazirliyini təmsil edib və xidməti ilə bağlı həmişə xoş sözlər eşidilib.
Hərbi xidmət illərində Rəhim Hüseynov dünyanın müxtəlif bölgələrində olub, beynəlxalq missiyalarda iştirak edib. O, NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində də xidmət edib. Rəhim Hüseynovun ailəsi ilə son telefon danışığı 2020-ci il oktyabrın 17-də olub. Bacısı Rahidə Əliyeva həmin zəngin cəmi 32 saniyə davam etdiyini deyib. Lakin bu qısa müddət onun yaddaşında ömrü boyu silinməyəcək bir xatirəyə çevrilib.
“Axırıncı dəfə oktyabrın 17-si danışdıq. Bizim telefon danışığımız 32 saniyə çəkdi. Rəhim özü zəng vurmuşdu və həmin 32 saniyəyə sanki bir dastan sığdırdı. Heç imkan vermədi ki, mən ondan nəsə soruşum. Həmişə, istər müharibə dövründə, istər adi danışıqlarımızda olsun, ilk növbədə uşaqların təhsili ilə maraqlanırdı. Odun-alovun içində də məndən birinci uşaqların təhsilini soruşdu. Uşaqların üstündə möhkəm durmağımı tapşırdı. Özümə yaxşı baxmağımı dedi. Sanki bilirdi ki, bu, son danışığımızdır”, – deyə bacısı bildirib.
