Bakı metrosunda ediləcək dəyişikliklər barədə detallar
2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək, bununla 4 kəsişmə stansiyası olacaq.
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.
"2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını almışıq. Bu, nəqliyyat sahəsində böyük bir inkişaf deməkdir. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb", – o vurğulayıb.
V.Aslanovun sözlərinə görə, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir:
"Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, "Memar Əcəmi" stansiyasında "Bənövşəyi xətt" ilə "Yaşıl xətt"in kəsişməsi, digəri isə "28 May" stansiyasında "Qırmızı xətt" ilə "Yaşıl xətt"in kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq.
Bunlar "Nizami" metrosunda "Bənövşəyi xətt" ilə "Yaşıl xətt"in, "Sahil" metrosunda "Qırmızı xətt" ilə "Bənövşəyi xətt"in, "Xətai" metrosunda "Yaşıl xətt" ilə "Bənövşəyi xətt"in və nəhayət, "Həzi Aslanov" stansiyasında "Yaşıl xətt" ilə "Qırmızı xətt"in kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərin daha çevik marşrutlarla hərəkət etməsinə və sıxlığın azalmasına ciddi təsir göstərəcək".
#Bakı Metropoliteni teqi istifadə olunub
- Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV
- Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV
- Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV
