Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV
“Qarşınızda hədəf olanda özünüzə sərhəd qoymayın”.
Bu sözlərin müəllifi Vətən uğrunda şəhadət şərbəti içən, cəbhədə böyük şücaətlər göstərən Şahgündüz Cabbarovdur.
Dövlət Neft Şirkətinin əməkdaşı olan Şahgündüz Vətən müharibəsi başlayan zaman torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşə yollanıb. Özünün də dediyi kimi, qarşısına qoyduğu hədəfə çatmaq üçün bütün sərhədləri keçib. Şahgündüzün ən böyük arzularından biri isə doğma torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq olub.
“Bu ev təmir olunub qurtaran kimi bayrağı divara vurdu. Dedi ki, Allah qoysa, bu bayrağı aparıb Vətənə vuracağam. Mən Laçını alacağam, sən gedəsən Vətənə. Döyüşlərə yollananda bayrağı çiyninə asıb getdi. Şəkillərində də var, bayraq çiynindədir. Gündüz şəhid olandan sonra yenə də biz oradan bayraq asdıq. Çünki onun ən böyük arzusu evdə bayrağın olması idi.
Gündüz müharibəyə gedəndə mən xəstə idim. Dedim ki, getmə. Mənə dedi ki, elə analar var ki, onun tək uşağı gedir. Amma sənin arxada övladın var. Mən getməliyəm”, – şəhidin anası Simuzər Əmrahova deyib.
