Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını almaq və daxili bazarda sabitliyi təmin etməkdir.
Beləliklə, ötən müddətdə manatın məzənnəsindəki dəyişikliklərin, dünya bazarında buğdanın bahalaşmasının çörəyin qiymətinə təsiri minimallaşdırılıb.
Bəs buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddətinin artırılması mümkündür?
İqtisadçı Xalid Kərimli hesab edir ki, bu güzəştin müddəti uzadılacaq:
“Əsas ehtimalım onunla bağlıdır ki, un məhsullarının bahalaşması hökumətin hazırkı sosial siyasətinin məğzinə uyğun gəlmir. Üstəlik, son illər ərzaq qiymətlərinin sürətlə bahalaşması və un məhsullarının sosial cəhətdən həssas təbəqənin ərzaq büdcəsində mühüm paya malik olması hökuməti bu güzəştin davam etməsində maraqlı edir.
Bu güzəştin ləğvi avtomatik olaraq yerli buğda yığımını və un istehsalını artırmayacaq. Məsələ burasındadır ki, Azərbaycanda yerli buğda yığımı ümumi buğda tələbatının cəmi 55–60 faizini, ərzaqlıq buğda tələbatının isə yalnız 25 faizini ödəyir. Yəni hökumətin ölkə daxilində ərzaqlıq buğda istehsalını artırmaq planları var. Vergi güzəştlərinin ləğvi un məhsullarının 18 faiz bahalaşmasına gətirib çıxara bilər”.
