Şəhid Rasim Eldarovla 31 il sonra vida mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
Şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib. O, Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin oğlu Ayaz Eldarov 31 ildir ki, gözlərinin yolda olduğunu söyləyib:
“31 ilin hər günü dua edirdik, xəbər gözləyirdik. Nəhayət, gözümüz yoldan yığıldı, bizim də məzar yerimiz oldu”.
Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
