Heyvan yemi yeyən "4 ayaqlı" insanlar | Qalmaqala səbəb olan kvadrobinq - ARAŞDIRMA
Əsrlər boyu insanlar müxtəlif təriqətlər, submədəniyyət, cərəyanlar yaradıblar. Bu hobbi qısamüddətli olsa da, adətən gənclərin həyatının müəyyən hissəsini əhatə edir.
XX əsrdə hippi, metal, pank və skinhed hərəkatları geniş yayılmışdı. XXI əsrdə emolar peyda oldu. Təxminən 2015-ci ildə isə kvadrobinq populyarlıq qazanmağa başlayır. Latın dilində “dörd” mənasını verən “quattuor” sözü ilə ingilis aerobikasının birləşməsindən yaranan bu hərəkat əsasən uşaq və gənclərin marağına səbəb oldu.
Kvadrobinq cərəyanı 2008-ci ildə yaponiyalı süpürgəçi, indi isə sprinter olan Kiniçi İta dörd ayaq üzərində 100 metr məsafəni 19 saniyədən tez qaçaraq “Ginnesin Rekordlar Kitabı”na düşəndə başladı.
Daha sonra amerikalı fitnes təlimatçıları yoqa və breykdansın hərəkətlərini birləşdirərək insanın özünü heyvan kimi sürətli hiss edə biləcəyi idman növü, daha dəqiq desək, kvadrobinq submədəniyyətini yaratdılar. Gənc kvadroberlər özlərini heyvan cildinə salıb, barmaqlarını ovuclarına xüsusi şəkildə sıxırlar ki, pəncə şəklini alsın, 4 ayaq üstündə yeriyir, heyvan hərəkətləri edir və heyvan səsləri çıxarırlar.
Əsrin əvvəllərində Amerikada vüsət alan kvadrobinq 20-ci illərdən postsovet məkanı ölkələrində, əsasən Rusiya, Belarus və Ukraynada geniş yayılmağa başlayır. Bundan istifadə edən işbazlar heyvan maskaları, əlcəklər, quyruqlar və corablar istehsal edib satmaqla məşğuldurlar.
Sosial şəbəkələrdən geniş istifadə edən uşaq və gənclər bu maskaları taxaraq, videolar çəkib öz səhifələrində yerləşdirirlər. İnsanların az olduğu yerlərdə, həyət və parklarda vaxt keçirən kvadroberlərlə yanaşı, aqressiv aqrokvadroberlər də peyda olub.
Aqrokvadroberlər hətta heyvan yemi yeyir, heyvanlar kimi əl-ayaqlarını dilləri ilə təmizləyir, bir sözlə, heyvanların etdiyi bütün hərəkətləri təkrarlayırlar. Deyilənə görə, Rusiyada uşağını it xaltasında gəzdirən və baytar həkiminə aparıb quduzluq əleyhinə peyvənd vurdurmaq, bədəninə çip yerləşdirmək istəyən valideynlər haqqında məlumatlar yayılır.
Artıq bu problemlərdən ciddi narahat olan Rusiya Dövlət Dumasının bəzi deputatları kvadrobinqi təbliğ edən valideynləri ciddi şəkildə cəzalandırmağı, hətta onları valideynlik hüquqlarından məhrum etməyi təklif edirlər.