Hindistandan düyü ixracına gözlənilməz qadağa
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada düyü ixracının 40%-ni həyata keçirən Hindistanın hakimiyyət orqanları “Basmati” sortu istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.
Ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb ki, qadağan olunmuş düyü sortları ixrac edilən Hindistan məhsulunun 25%-ni təşkil edir. Vurğulanıb ki, bunda məqsəd Hindistan bazarını ağ düyü sortları ilə lazımi həcmdə təmin etmək, həmçinin daxili bazarda qiymət artımını yumşaltmaqdır.
Nazirlikdən xatırladılıb ki, ötən ilin sentyabrında eyni səbəbdən – daxili bazarda düyünün mövcud qiymətlərini aşağı salmaq məqsədilə 20%-lik ixrac rüsumu tətbiq edilib. Buna baxmayaraq, cari ilin aprel-iyun aylarında ölkədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz çox düyü ixrac edilib.
Son bir ildə dünya bazarında düyünün topdansatış qiyməti 11,5 faiz artıb. Rəsmi Dehli “Basmati” istisna olmaqla, ağ düyü sortlarının ixracına qoyulan məhdudiyyətlərin ölkədə qiymətlərin ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır.
Hindistanın bu addımından sonra dünya növbəti qida böhranı ilə üz-üzə qala bilər. Nazərə alsaq ki, iyulun 17-də də Rusiya “Taxıl sazişi” ilə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi üçün buğda, qarğıdalı və digər dənli bitkilərin dünyaya ixracında çətinliklər yaranıb.
Expertlər düşünürlər ki, düyü alıcıları Tailand və Viyetnama yönələ bilər, amma bu da onlara Hindistandan qat-qat baha başa gələcək.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
