Putinə qarşı çıxanlar bir-bir həyatını itirir
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi hadisələrin təsadüf olduğuna inanmaq olmur. Yevgeni Priqojinin ölümünə səbəb təyyarə qəzası idi, yoxsa onun 2 ay öncə Moskvaya qarşı başlatdığı hərbi qiyam? Rusiya Prezidentinə qarşı çıxanların tarix boyu sonluqları eyni olub: qəza, zəhərlənmə, ya da “intihar”.
Bəlkə, Vladimir Putin “Vaqner” muzdlu şirkətinin rəhbəri Yevgeni Priqojini də bağışlamadı? Bəlkə, buna görə məlum təyyarə qəzası avqustun 23-dən bəri bütün dünyanın dilindən düşmür? Axı o da xəyanət etdi, sadiqliyi ilə tanınsa da, iyunun 24-də Rusiya Prezidentinə qarşı qiyam qaldırdı və əlindəki hərbi güclə birlikdə Moskvanın 200 km-nə qədər gedib çıxdı. Y.Priqojin həbs olunmadı, amma V.Putin bunu “arxadan zərbə” adlandırdı və bütün “satqınların” cəzalandırılacağını dedi. Elə analitiklər də avqustun 23-də baş vermiş hadisənin təyyarə qəzası olduğuna inanmır, onun Kreml rəhbərinin sifarişi ilə vurulduğunu iddia edirlər.
V.Putinə qarşı çıxan məşhur simaların bir çoxu oxşar taleyi yaşayıb. Yəni Priqojin bədbəxt sonluğu yaşayan ilk qiyamçı deyil. Daha əvvəllər də Rusiya liderini tənqid edən və ölkədə böyük səs-küy yaratmağa nail olan bir neçə tanınmış şəxs müəmmalı şəkildə ölüb.
2000-ci ildə Böyük Britaniyaya qaçan Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı – polkovnik-leytenant Aleksandr Litvinenko V.Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi. O, 90-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrında Londondakı otellərdən birində keçmiş həmkarları ilə görüşərək çay içən A.Litvinenko zəhərlənmiş və daha sonra ölmüşdü. Britaniya xüsusi xidmət orqanları onun ölümünə səbəb kimi çayına “Polonim-210” maddəsinin qarışdırılmasını göstərmişdilər. Böyük Britaniya hökuməti əminliklə bildirmişdi ki, Aleksandr Litvinenko Rusiya iqtidarının sifarişi ilə öldürülüb.
Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətli də unudulmayıb. Ölkəsinin Baş Nazirinin birinci müavini olan B.Nemtsov hətta gələcək prezident qismində görülürdü. Amma 2011-ci ildə parlament seçkilərinin nəticələrinə qarşı kütləvi küçə mitinqlərinə başçılıq edən Boris Nemtsov Kreml hakimiyyətinə qarşı ittihamları fonunda 2015-ci ilin fevralında Moskvanın mərkəzində qətlə yetirildi. Onun kürəyinə dörd dəfə atəş açılmışdı.
Anna Politkovskayanın ölümü də bu qəbildəndir. 1990-cı illərin əvvəllərindən Rusiya müstəqil mətbuatının tanınmış nümayəndələrindən olan A.Politkovskaya araşdırmalar edir, Rusiya Ordusunun münaqişə bölgəsində törətdiyi özbaşınalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş yazılar yazırdı. Ancaq həyat və yaradıcılığı 2006-cı il oktyabrın 7-də öz evinin qarşısında muzdlu qatil tərəfindən öldürülməklə yekunlaşdı.
Məşhur rusiyalı oliqarx, uzun müddət Londonda mühacir həyatı yaşayan Boris Berezovski də V.Putin hakimiyyətinin sərt tənqidçilərindən idi. Onun cəsədi 2013-cü ilin martında Londonun kənarında yerləşən evinin vanna otağında aşkar olunmuşdu. B.Berezovskinin gah intihar etdiyi, gah da zorakılıqla öldürüldüyü barədə ziddiyətli xəbərlər yayılmışdı.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
