Ukraynanın 5 vilayəti atəş altında | Ərazidə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Kiyev, Lvov, Xmelnitski, İvano-Frankovsk, Xarkov, Dnepropetrovsk, Zaporojye və Odessa vilayətləri aprelin 10-u gecə saatlarından aprelin 11-i günorta saatlarına qədər növbəti dəfə kütləvi hava hücumlarına məruz qalıb.
Nəticədə ciddi dağıntılar olub, infrastruktura ziyan dəyib. Məlumata görə, 40-a qədər pilotsuz uçuş aparatlarından təşkil olunan hücumların əsas hədəfi enerji obyektləri olub.
Ukrayna Fövqəladə Hallar Xidmətinin sözçüsü Oleksandr Xorunji Baku TV-yə açıqlamasında bildirib ki, Rusiya tərəfindən endirilən zərbələrin nəticələrinin aradan qaldırılması üçün 171 xilasedici və 57 texnika səfərbər edilib:
“Kütləvi hücum zamanı Ukraynanın əsasən 5 bölgəsi hədəf alınıb. Nəticədə Xarkovun bəzi bölgələrinə elektrik enerjisinin verilişi dayanıb. Odessa, Lvov, Zaporojye və Kiyev vilayətlərində də fəsadların aradan qaldırılması işləri davam edir.
Qonşu rayonlardan da texnika və canlı qüvvə gətirilib. Xilasedicilər yerlərdə güclü generatorlar quraşdırırlar. Məlumata görə, zərbələr nəticəsində itki olmayıb. Bütün yanğınların qarşısı alınıb və ya söndürülüb”.
Qeyd edək ki, hazırda dağıntılar altında qalanların axtarışları aparılır. Bununla yanaşı, sözügedən bölgələrdə hələ də həyəcan siqnalları eşidilməkdədir.
