Silahlılar Konqonun şimalına hücum həyata keçiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Konqo Demokratik Respublikasında "İslam Dövləti" (İD) ilə əlaqəli silahlılar ölkənin şərqində həyata keçirilən hücumlar zamanı 89 dinc sakini qətlə yetiriblər.
Bunu "Reuters" BMT-nin sülhməramlı missiyasına istinadən xəbər verib.
Məlumata əsasən, hücumlar "Müttəfiq Demokratik Qüvvələr"in (ADF) silahlıları tərəfindən Şimali Kivu vilayətinin bir neçə yaşayış məntəqəsində 13-19 noyabr tarixləri arasında törədilib. 89 nəfərdən azı 20-si qadındır. Onların arasında qeyri- müəyyən sayda uşaq da var.
Hücumlardan birində silahlılar Byambve qəsəbəsindəki katolik kilsəsinə aid tibb mərkəzinə basqın edərək, hamilə qadınlar da daxil olmaqla, ən azı 17 nəfəri öldürüblər və xəstələrin yerləşdiyi 4 şöbəni isə yandırıblar.
Digər cinayətlər arasında insanların oğurlanması və tibbi preparatların talan edilməsi də var.
"BMT-nin sülhməramlı missiyası Konqo hakimiyyətini bu kütləvi qətllərin icraçılarını və köməkçilərini müəyyənləşdirərək məsuliyyətə cəlb etmək üçün dərhal müstəqil və etibarlı araşdırmaya başlamağa çağırır", – deyə təşkilatın bəyanatında qeyd olunub.
#Konqo Demokratik Respublikası teqi istifadə olunub
