Tramp indi də onlara "hücum" etdi | ABŞ niyə Venesuelanı hədəfə aldı?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və ya qaz alan ölkədən idxal olunan məhsullara 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Bu barədə “Truth Social” postunda məlumat verən Tramp Venesuelanı onminlərlə qatili və cinayətkarları məqsədli şəkildə ABŞ-yə göndərməkdə ittiham edib və cavab olaraq belə bir addım atacağını bildirib. “İkinci dərəcəli tariflər” adlanan yeni rüsum aprelin 2-dən qüvvəyə minəcək.
“Venesuela ABŞ-yə və müdafiə etdiyimiz azadlıqlara çox düşmən münasibət bəsləyir. Buna görə də Venesueladan neft və yaxud qaz alan hər hansı bir ölkə bizimlə ticarətdə 25% rüsum ödəməyə məcbur olacaq”, ‒ deyə Tramp bildirib.
Əl-Cəzirənin məlumatına görə, Trampın son açıqlamaları uzun müddətdir hədəfi olan Venesuelaya qarşı təzyiq kampaniyasının davamıdır.
İlk səlahiyyət müddəti ərzində ‒ 2017-ci ildən 2021-ci ilə qədər Tramp Cənubi Amerika ölkəsinə qarşı “maksimum təzyiq” həyata keçirərək onun hökumətinə ağır sanksiyalar tətbiq edib. Maduro hökuməti müxaliflərə işgəncə vermək və özbaşına həbs etmək də daxil olmaqla insan haqlarının pozulmasında ittiham olunur. Tramp hətta ilk səlahiyyət müddətində Maduronun həbsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar mükafat da təklif edib.
Venesuela Prezidenti Nikolas Maduro isə ABŞ sanksiyalarını rədd edərək bunları Venesuelanı şikəst etmək üçün nəzərdə tutulan “iqtisadi müharibəyə” bərabər qeyri-qanuni tədbirlər adlandırıb.
Ekspertlərin fikrincə, Trampın bu addımı təkcə Venesuelaya deyil, həm də ABŞ-nin əsas iqtisadi rəqibi və Venesuela enerji məhsullarının ən böyük istehlakçısı olan Çinə zərbə vurmaq üçün nəzərdə tutulub. Belə ki, neft Venesuelanın əsas ixracatıdır və artıq ABŞ-nin rüsumlarına məruz qalan Çin ən böyük alıcıdır.
Fevralda Çin birbaşa və dolayı yolla gündə təxminən 503 min barel Venesuela xam nefti və yanacaq alıb ki, bu da ümumi ixracın 55%-ni təşkil edir. Əgər Çin Venesuela neftini almağa davam edərsə, 25% tariflə Amerikanın idxal etdiyi Çin malları 45%, polad və alüminium isə ayrılıqda 50% vergi ilə üzləşəcək.
“Goldwyn Global Strategies” konsaltinq şirkətinin prezidenti David Qoldvin isə fərqli düşünür. O bildirib ki, yeni tariflər Rusiya neftinə qlobal tələbatın artmasına ironik təsir göstərə bilər.
“Çin və Hindistan Rusiya xam neftini ala bilsələr, bu, Venesuela bazarını riskə atacaq”, ‒ deyə D.Qoldvin qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
