Türkiyədə çevrilişə cəhddən 7 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Fətullah Gülənin rəhbərlik etdiyi qiyamçı silahlı dəstə 2016-cı il iyulun 15-də Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib.
Bu qanlı hadisə zamanı Türkiyə Prezident Administrasiyasının, Böyük Millət Məclisinin, təhlükəsizlik və kəşfiyyat orqanlarının binaları, habelə hərbi hissələr, körpülər gülləbaran edilib. Ən dəhşətlisi isə dinc əhaliyə kütləvi şəkildə atəş açılıb. Qiyam zamanı 252 vətəndaş şəhid olub, 2196 nəfər yaralanıb.
Türkiyədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdi hadisənin ilk anlarından Azərbaycan xalqının etirazına səbəb olub. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə dəstəkləyərək qardaşlıq nümunəsi nümayiş etdirib.
Qəhrəman Türkiyə xalqı öz liderinin ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını alıb. Məhz bu birlik və qəhrəmanlıq nəticəsində qardaş ölkə təlatümlərdən və tənəzzüldən, vətəndaş müharibəsi təhlükəsindən xilas olub.
Bu qanlı hadisə ilə əlaqədar təsis edilən 15 İyul – Demokratiya və Milli Birlik Günü qəhrəman türk xalqının Vətəninə və dövlətinə bağlılığının təcəssümüdür. Həmin gün cəsur insanlar öz canlarını fəda edərək dövlətin devrilməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına imkan vermədilər. Hərbi qiyamçılar xalqın gücü qarşısında acizliklə təslim oldular.
15 iyul hadisələrinə qədər “Paralel yapı” adı ilə mövcud olan Fətullah Gülən tərəfdarları törədikləri hərbi çevriliş cəhdindən sonra dövlət tərəfindən Fətullah Gülən Terror Təşkilatı elan edildi və bu terror təşkilatına qarşı sistemli mübarizəyə başlanıldı. FETÖ-nun qanunsuz və gizli rabitə sistemi olan “ByLock” proqramı aşkarlanandan sonra terrorçuların ifşası sürətləndi.
Görülən hüquqi tədbirlər nəticəsində ordu və dövlət qurumları başda olmaqla, strateji yerlər FETÖ terrorçularından təmizlənib. 2021-ci ilədək FETÖ-çülərlə mübarizə tədbirləri çərçivəsində Türkiyə Silahlı Qüvvələri sıralarından 150-si general və admiral olmaqla, ümumilikdə 21 min 147 nəfər xaric edilib. Çevrilişə cəhddən əvvəl təqaüdə çıxan 1639 hərbçi FETÖ-çünün rütbəsi əlindən alınıb. Ümumilikdə yüz mindən yuxarı şəxs istintaqa cəlb olunub. Xaricə qaçmağa çalışan yüzlərlə şübhəli gömrük-keçid məntəqələrində saxlanılıb. Onlarla cinayətkar xarici ölkələrdən Türkiyəyə gətirilib. Dövlət çevrilişi cinayəti sübut olunan 3 min nəfər ömürlük olmaqla, 4890 nəfər məhkum edilib. Dövlətin FETÖ-yə qarşı tədbirləri davam edir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
