Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Taxta evin pəncərəsindən içəri boylanan gözlənilməz qonaq. Bu dəfə ev sahibinin qarşısına çıxan adi bir heyvan deyil, nəhəng ağ ayı olub.
Rusiyanın Taymır yarımadasındakı Dikson qəsəbəsində insanların yaşadığı əraziyə girən yırtıcı mütəxəssislər tərəfindən tutulub.
Krasnoyarsk diyarının Təbii Sərvətlər və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, ayı əvvəlcə taxta evdə gizlənərkən aşkarlanıb. Daha sonra helikopterlə Kara dənizindəki ucqar Morjovıy adasına aparılıb.
Bölgədə bu, ilk belə hadisə deyil. Şimal buxtası yaxınlığında daha bir ağ ayı tutulub. Həmin heyvan yol işçisinə hücum edib. Bundan başqa, helikopter vasitəsilə yaşayış məntəqələrindən təxminən 10 ayı uzaqlaşdırılıb.
Mütəxəssislər bu aktivliyi mövsümi dəyişikliklərlə əlaqələndirirlər. Yayın sonu və payızın əvvəlində ağ ayılar qışa hazırlaşmaq üçün piy ehtiyatı toplayır, qida axtarışında daha çox hərəkət edirlər. Nəticədə insanların bu nəhəng yırtıcılarla qarşılaşma riski də artır.
#Yırtıcı heyvanlar teqi istifadə olunub
