Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin sentyabr ayında Bakının Nəsimi rayonunda marketdə həyat yoldaşına zorakılıq edən şəxsin məhkəməsi keçirilib.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə 1979-cu il təvəllüdlü Ramil Cəfərov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən supermarketdə baş verib.
Olayla bağlı görüntülərin ictimailəşməsindən sonra R.Cəfərov 15 sutkalıq inzibati həbs edilib, daha sonra barəsində polis tərəfindən cinayət işi başlanılıb. Məhkəmədə ifadə verən R.Cəfərov özünü təqsirli bilməyib. O, arvadının laqeyd hərəkətlərinə görə həmin hərəkətləri etdiyini deyib.
Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, Ramillə nikahdan 5 azyaşlı övladı var. Hadisə vaxtı onların övladları da marketdə olublar və döyülməsinə şahidlik ediblər:
"Ramillə uzun müddət normal ailə münasibətlərimiz olub. Lakin son zamanlar aramızda ailədaxili mübahisələr və söz-söhbətlər artıb. Həmin gün saat 11:40-da həyat yoldaşımla birlikdə ev üçün alış-veriş etmək məqsədilə marketə getmişdik. Marketə daxil olduqdan sonra giriş hissəsində yerləşən ödəmə terminalına yaxınlaşdıq. Ramil həmin terminal vasitəsilə işıq pulunu ödədiyi zaman mən də qəbzdə olan rəqəmləri ona bir-bir deyirdim. Həmin rəqəmləri səhv dediyimi iddia edərək mənə hirsləndi. Mən də əsəbiləşib kağızı onun üzərinə ataraq yanından uzaqlaşdım. Bundan sonra Ramil arxamca gəldi, saçımdan dartaraq yerə yıxdı və daha sonra saçımdan tutaraq yerdə sürüdü. Bu zaman başım müxtəlif yerlərə dəydi. Ramillə barışmamışam, lakin beş övladımın mənafeyini nəzərə alaraq onun həbs edilməsini istəmirəm. Bu baxımdan ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş edirəm".
Məhkəmənin hökmü ilə Ramil Cəfərova aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 9 ay müddətinə islah işləri cəzası verilib.
