"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonunun Qırxçıraq kəndində 26 yaşlı çoban otardığı qoyun-quzu ilə birlikdə yoxa çıxıb.
Kənd sakini Ramiz Rüstəmov iyulun 20-də ailəsinə məxsus 85 baş xırdabuynuzlu heyvanı otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.
İtkin düşən şəxsin anası bildirib ki, oğlu ilə sonuncu dəfə səhər saatlarında görüntülü danışıb:
“Onunla saat 10-a qalmış görüntülü danışdıq. Həmişəki kimi zarafatlaşdıq, güldük. Saat 2-yə qalmış telefonuna zəng çatırdı, interneti də açıq idi, amma cavab vermirdi. Adətən axşam saat 7-8 radələrində heyvanları gətirirdi. Zəng etdim, ancaq cavab vermədi.
Sonra heyvanların qarşısına çıxmaq üçün yolkənarı ilə getdim. Sürünün içində bir eşşəyimiz də var. Gördüm ki, eşşəklə it tək gəlir, heyvanlar isə yoxdur. Kollektorların kənarında oğlumu çağıraraq axtardım, amma səsimə cavab verən olmadı.
Geri qayıdanda həyat yoldaşımla rastlaşdım. Düşündük ki, bəlkə, kanalda və ya göldə çimərkən başına bir iş gəlib. Amma belə olsaydı, heyvanlar ətrafa dağılardı. Atası səhərə qədər onu axtardı. Oğlumla birlikdə 85 baş heyvan, iki it var idi. Heç kim onun harada olduğunu demədi.
Axşam isə xəbər gəldi ki, heyvanlar Bakıya aparılıb və orada satışa çıxarılıb. Heyvanları maşınla aparan şəxsi tapıb danışdırdıq, oğlumun şəklini göstərdik. O isə gördüyü şəxsin mənim oğlum olmadığını, başqa bir adam olduğunu dedi.
Görənlərdən və məlumatı olanlardan bir valideyn kimi xahiş edirəm, balam barədə bizə xəbər versinlər”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.
#Salyan rayonu teqi istifadə olunub
- 225 nömrəli məktəbdə həyatını itirən Günelin dəhşətli ölümü barədə detallar - Baku TV
- Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV
- Ələt–Astara yolunda baş verən qəza ölümlə nəticələnib - Baku TV
- Salyanda qeyri-sabit hava fermerlərin məhsul və təsərrüfatlarına ziyan vurub - Baku TV
- 10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkiblər, yardımdan imtina ediblər" - Baku TV
