Laçında ilk dəfə "Laçında peşə öyrən" adlı yarmarka təşkil olunub
İşğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilib.
Peşə yarmarkası Laçın şəhəri Həkəri çayı sahilində açıq havada təşkil olunub.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.
Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, ustad dərsləri keçirilib.
Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir.