“Məcburuq buna, başqa variant yoxdur” | Badamdar sakinləri çıxılmaz duruma düşdü - Baku TV
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində 20-ci yaşayış massivinə aparan Cavidan İbrahimli küçəsi bir neçə aydır nəqliyyatın hərəkəti üçün bağlıdır.
Sakinlərin sözlərinə görə, yol bu ilin mart ayında ərazidə sürüşmə riskinin olduğu əsas gətirilərək beton maneələrlə bağlanıb. Lakin ötən müddət ərzində ərazidə hər hansı işin aparılmaması narazılığa səbəb olub.
“Mart ayından yol bağlıdır. Burada heç bir iş görülməyib. Hamı əziyyət çəkir. İki dəqiqəlik yolu yarım saata gedirəm”, – deyə sakinlərdən biri bildirib.
Ərazidə diqqətçəkən məqam avtomobillərin yolun hər iki istiqamətində hərəkət etməsi, lakin beton maneələrin qarşısında dayanmaq məcburiyyətində qalmasıdır. Bu isə vətəndaşlarda sual yaradır: təhlükə varsa, avtomobillər əraziyə niyə buraxılır, təhlükə yoxdursa, yol niyə bağlı saxlanılır?
Yolun bağlanması ictimai nəqliyyatın hərəkətinə də təsir edib. Ərazidən keçən 53 nömrəli marşrut avtobusu beton maneələrə görə hərəkətini davam etdirə bilmir və geri qayıtmalı olur. Nəticədə sərnişinlər mənzil başına çatmamış avtobusdan düşərək yollarına piyada davam edirlər.
“Avtobus sona qədər gedə bilmədi. Sürücü yolun bağlı olduğunu dedi və yarıyolda düşdük. Bu istidə piyada hərəkət etmək çox çətindir”, – deyə digər sakin qeyd edib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda ərazidə araşdırma tədbirləri, eləcə də layihələndirməyə hazırlıq işləri aparılır.
Тег #Səbail rayonu используется
- "O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV
- "Uşaqların keçdiyi yerdir, o qədər töküldü ki..." | Əhali bu təhlükəni yaşamaqdan bezib - Baku TV
- “Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV
- Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - Baku TV
- Səbail rayonunda bədbəxt hadisə | Gənc oğlan 19-cu mərtəbədən yıxıldı - Baku TV
