Məktəb rəhbərliyi çəkilişi görəndə görün nə etdi | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!”
Bu yaxınlarda ölkədə yeni tədris ili başlayıb və məktəblərdə dərslər bərpa olunub. Lakin 95 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin bir qismi dərsə gəlmir.
Buna səbəb kimi valideynlər məktəbin sanitar qovşağındakı vəziyyəti göstərirlər. Onların sözlərinə görə, sanitar qovşağın yaxınlığında yerləşən sinif otağına kəskin qoxu yayılır və bu, uşaqların səhhətinə mənfi təsir göstərir.
Valideynlər bildirirlər ki, uşaqlar ürəkbulanma və narahatlıq səbəbindən dərsdə iştirak edə bilmirlər.
Məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsələr də, onlara problemin həlli üçün vəsait olmadığı bildirilib. Həmçinin sanitar qovşağın təmirinin öz hesablarına həyata keçirilməsi təklif edilib.
Valideynlərdən biri deyib:
“Sinif sanitar qovşağın düz yanındadır. Orada sanitar vəziyyət çox pisdir. İydən sinifdə oturmaq olmur. Bütün uşaqlar ürəklərinin bulandığını deyirlər. Biz də şikayət etdik. Dedilər ki, əlimizdən heç nə gəlmir. Biz sinfin dəyişdirilməsini istəyirik. Uşaqlar dərsə gəlmirlər. Heç kim maraqlanmır ki, bu uşaq niyə dərsə gəlmir”.
Şagirdlərdən biri də narazılığını belə ifadə edib:
“Ayaqyolunun qapısı qırıq olduğu üçün bağlanmır, qoxu çox gəlir. Yeddi-səkkiz uşaq xəstələnib”.
95 nömrəli tam orta məktəbdən isə bildirilib ki, sözügedən sinif otağından ötən tədris ilində də istifadə olunub və həmin otaqda 11-ci sinif şagirdləri təhsil alıblar.
Məktəbin məlumatına görə, otaq dezinfeksiya olunub, havalandırma və işıqlandırma səviyyəsi standartlara tam cavab verir. Hazırda məkanda antisanitar vəziyyət müşahidə olunmur və kəskin qoxunun yaranması üçün hər hansı risk mövcud deyil.
Məktəb rəhbərliyi ilə bağlı irəli sürülən iddiaların isə tamamilə əsassız olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.
