Qarabağ və Şərqi Zəngəzurda TV və radio yayımının əhatə dairəsi genişlənəcək
Audiovizual Şuranın növbəti iclası keçirilib.
İclas tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından televiziya və radio yayımının təşkili məsələsinə həsr olunub.
Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Turşsu", "Həsənriz kənd" və bir sıra başqa radio-televiziya yayım stansiyalarından yayımın həyata keçirilməsi hesabına aparılır.
"Xankəndi" radio-televiziya yayım stansiyası istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.
Həmçinin istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" radio-televiziya yayım stansiyasından analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı qərar qəbul olunub.
