"Əlimizi vururuq, "tok" keçirir" | Faciə ilə üz-üzə qalan sakinlərə niyə kömək edilmir? - Baku TV
Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yaşayan vətəndaş Dürrə Nuhuzadə ərazidəki elektrik xətlərinin qəzalı vəziyyətdə olmasından şikayətçidir.
Onun sözlərinə görə, küləkli və yağışlı hava zamanı naqillər, elektrik dirəkləri və sayğaclar ciddi təhlükə yaradır.
Maraqlıdır ki, qəzalı elektrik xətləri “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın yaxınlığında yerləşir. Ətrafda yaşayış evləri və digər obyektlər var, uşaqlar isə mütəmadi olaraq burada oynayırlar.
Ərazidə 20 ildir yaşadığını deyən Dürrə Nuhuzadə bildirir ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, təhlükəli vəziyyət aradan qaldırılmayıb:
“Bütün naqillər açıq vəziyyətdədir. Küləkli havada dirəklər aşır, yağış yağanda isə sayğaca toxunduqda elektrik vurur. Burada uşaqlar oynayır, hər an faciə baş verə bilər.
Bir neçə gün əvvəl iki gün işıqsız qaldıq. Dəfələrlə qaynar xəttə zəng etdikdən sonra bir əməkdaş gəldi. Lakin “üstüm çirklənər” deyib problemi həll etməkdən imtina etdi və naqilləri bərpa etmək üçün məndən pul tələb etdi. Mən iki övladımla tək yaşayıram və buna imkanım yoxdur. Pul vermədiyim üçün çıxıb getdi, biz isə işıqsız qaldıq”.
