"Kimsə "arvadı necə iş görəcək?!" deməsin" | Sağalma şansını qızı üçün qurban verdi - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanları fiziki məhdudiyyətli Ülkər və Ceyhun cütlüyü olub.
Verilişdə onlar həm həyat hekayələrindən, həm də münasibətlərini qorumaq üçün keçdikləri çətin yollardan danışıblar.
Ülkər 9 yaşından əlil arabasında olduğunu və əməliyyatının yarımçıq qaldığını deyib: “Sağalmaq imkanım var, amma bütün həyatımı qızıma həsr etdiyim üçün əməliyyata getmirəm”.
O, Ceyhunla reabilitasiya mərkəzində tanış olduğunu söyləyib:
“Mərkəzin həyətində gəzişirdim, Ceyhun da maşınını uyğunsuz yerdə saxlamışdı. Ona “maşınını çək, yoxsa səni şikayət edəcəyəm” dedim. Əlilliyi olduğunu biləndə Ceyhunu mərkəzə idmanla məşğul olmağa dəvət etdim. Ora gəldiyi ilk gündən fikrinin ciddi olduğunu, mənimlə ailə qurmaq istədiyini dedi. Çox əngəllərlə üzləşdik. Ceyhunun valideynləri dünyasını dəyişib, bacısı və qardaşı münasibətimizə razı olmadılar və toyumuza da gəlmədilər. Amma o verdiyi bütün sözlərə sadiq qaldı”.
Ceyhun isə həyat hekayəsini bölüşərək yerimə probleminin həkim səhlənkarlığı nəticəsində yarandığını deyib.
Ülkəri ilk dəfə görəndə onun görünüşünün diqqətini çəkdiyini söyləyən Ceyhun əlavə edib:
“Ona “Facebook”dan yazdım, əvvəlcə cavab vermədi. Əlil olduğumu biləndə yazdı. Qarşımıza çox maneələr çıxsa da, indi xoşbəxtik”.
