"Metro dayandı, taksilərin qiyməti qalxdı" | Sakinlər problemlə bağlı nələri danışdı - Baku TV
Aprelin 21-də metroda texniki səbəblərdən 2–3 saatlıq fasilə yaranıb. Bu müddətdə şəhərdə ciddi sıxlıq müşahidə olunub.
Sərnişinlərin mənzil başına çatdırılması üçün marşrut xətlərinə əlavə avtobuslar cəlb edilsə də, vəziyyət tam stabilləşməyib və bir çoxları təyinat yerinə 2–3 saat gecikmə ilə çata bilib.
“Avtobusda vəziyyət çox sıx idi. Taksi qiymətləri isə təxminən iki dəfə artmışdı”, – deyə sakinlərdən biri bildirib.
“Metro işləmədiyi üçün taksi sifariş etdim. Qiymətlər 2–3 dəfə bahalaşmışdı”, – başqa bir sakin qeyd edib.
“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, təkcə bu ilin mart ayında metrodan 18 milyondan çox sərnişin istifadə edib.
Bəs bu yükü idarə etməyin ən optimal yolu nədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat əsasən metro və avtobuslardan ibarətdir:
“Taksi burada yalnız köməkçi vasitədir. Metronun fəaliyyətində yaranan fasilə Bakıda ictimai nəqliyyatın vəziyyətini daha da çətinləşdirir. Buna görə də nəqliyyat sisteminin şaxələndirilməsi vacibdir. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Söhbət tramvay xətlərinin yaradılmasından gedir”.
