Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV
Sərnişinlər Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkətdə olan 120E nömrəli ekspres marşrut xəttinin fəaliyyətindən narazıdırlar.
Vətəndaşlar bununla bağlı şikayətlərini Baku TV ilə bölüşüblər.
“İşdən yorğun-arğın gəlib saatlarla dayanacaqda avtobus gözləyirik. Avtobus gələndə isə bir manat pul versək də, ayaq üstə getməli oluruq”, – sərnişinlərdən biri narazılığını dilə gətirib.
Digər bir vətəndaş isə qeyd edib: “Çətin vəziyyətdir. Avtobus bir az böyük olsa, daha yaxşı olar. Ayağım zədəli olduğu üçün ayaq üstə gedə bilmirəm”.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, 120E nömrəli ekspres marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 10 avtobusla təmin edilir və xətt üzrə 14 dəqiqəlik intervalla hərəkət həyata keçirilir:
“Monitorinq Mərkəzinin son 3 günlük müşahidələrinə əsasən, 120E nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb. Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Puşkin küçəsi və Afiyəddin Cəlilov küçəsində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslar arasındakı intervallarda müvəqqəti artıma səbəb ola bilir”.
“BakuBus” MMC pik saatlarda yaranan intervallarla bağlı sərnişinlərdən anlayışlı olmalarını xahiş edib.
