ABŞ Prezidentindən İsrailin hücumuna gözlənilməz reaksiya gəldi - Baku TV
ABŞ lideri Donald Tramp İsrailin iyunun 14-də Livanın paytaxtı Beyruta hava hücumlarını pisləyib.
O, bununla bağlı "Truth Social" hesabında yazıb.
"Beyruta hücum baş verməməli idi, xüsusən İranla sülh müqaviləsinə çox yaxın olduğumuz belə bir xüsusi gündə. İsrailin təhdidlərə qarşı özünü müdafiə etmək hüququ var, lakin cavab verdiyi hücum çox kiçik və mənasız idi, heç kim zərər çəkməyib, yaralanmayıb və ya ölməyib və bu vacib prosesi pozmamalıdır", – deyə ABŞ lideri vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton və Tehran Livan da daxil olmaqla, regiona sülh gətirəcək bir razılaşmaya yaxınlaşıblar.
"Bütün tərəflər geri çəkilməlidir. İsrail artıq Livandakı heç bir hədəfə zərbə endirməməlidir və "Hizbullah" da daxil olmaqla, heç bir tərəf İsrailə daha zərbə endirməməlidir. Bu, uzun və gözəl bir sülhün başlanğıcı ola bilər, gəlin bunu qaçırmayaq", – deyə Tramp əlavə edib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf daha əvvəl bildirib ki, İsrailin Beyrutun ətrafındakı Dahiya rayonuna hücumlarından sonra ABŞ ilə danışıqların davam etdirilməsindən danışmaq mümkün deyil.
Qeyd edək ki, iyunun 14-də İsrailin Müdafiə Ordusu "Hizbullah"ın İsrail ərazisini atəşə tutmasına cavab olaraq Beyrutun Dahiya rayonunda qruplaşmanın obyektlərinə zərbələr endirib.
