“Qardaş qardaşın qanını tökür, beləsi olmamışdı!” - Kütləvi zərbə: Ukraynada qorxulu anlar - Baku TV
İyunun 15-də gecədən səhərə qədər Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Hücumlar nəticəsində paytaxtın həm sağ, həm də sol sahilində yerləşən bir sıra rayonlarına, o cümlədən şəhərin mərkəzində yerləşən Kiyev Peçersk Lavrasına ciddi ziyan dəyib.
Paytaxtla yanaşı, Sumı, Çerniqov, Poltava, Xarkov, Dnepropetrovsk, Odessa və Xerson vilayətləri də hücumlara məruz qalıb. İlkin məlumatlara görə, ölkə üzrə həyatını itirənlərin sayı 10 nəfərə, yaralıların sayı isə 50-yə çatıb. Dağıntılar altında axtarışlar gedir, itkilərin sayı arta bilər.
“Hücum gecə saatlarında baş verdi. Biz yaxınlıqda yaşayırıq, çox dəhşətli bir gurultu idi. Rusiya bizi daimi atəş altında saxlayır, rahat yatmağımıza imkan vermir. Kilsənin nə günahı var idi?! Bu həm də çox böyük bir tarixi abidədir. Pravoslav inancını təbliğ edən Rusiya indi pravoslav inancına hücum edir”, – Kiyev sakinlərindən biri söyləyib.
Digər bir şəhər sakini isə qeyd edib: “İndiyə qədər heç bir müqəddəs məkanı belə vurmamışdılar. Allah bunun cəzasını verəcək. Müqəddəs yeri dağıtmaq nə deməkdir? Buna dözmək mümkün deyil”.
Qeyd edək ki, gün ərzində hücumların davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
