Çamadan oğurluğunda 21 nəfər xəsarət alıb | London
Londonun Hitrou Hava Limanında yaşanan insident zamanı yaralanan 21 nəfərə tibbi yardım göstərilib.
Bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Polisin məlumatına görə, çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən vaxt xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb: onların həyatları təhlükədə deyil.
"İlkin məlumata görə, 4 nəfərdən ibarət qrup bir qadının çamadanını oğurlayaraq, ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib, nəticədə liftdə və ətrafda olanlar xəsarət alıb", – deyə Skotland-Yardın sözçüsü bildirib.
Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.
