Cari ildə La-Manşı qayıqlarla keçənlərin sayı 40 mini ötüb
İlin əvvəlindən bu günə kimi 40 mindən çox miqrant La-Manş boğazını keçərək qayıqlarla Böyük Britaniyaya daxil olub.
Bu barədə "Guardian" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyaya dekabr ayı üçün rekord sayda – 800-dən çox miqrant çatıb.
"Beləliklə, bu il La-Manşı keçənlərin ümumi sayı 41 455 olub", – deyə qəzet yazıb.
Bildirilib ki, adətən dekabr ayı aşağı temperatur və sərt hava şəraiti səbəbindən La-Manşı keçən miqrantların sayına görə ən sakit ay olur. Buna baxmayaraq, 20 dekabr tarixində oktyabrın əvvəlindən bəri ən yüksək göstərici qeydə alınıb. Mövcud rekord isə 2022-ci ildə olub – bir ildə 45 755 miqrant.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi vəziyyəti şərh edərkən qayıqlarla ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayını "utancverici" adlandırıb və hökumətin tədbirlər gördüyünü bildirib.
