İndoneziya uşaqlara sosial medianı qadağan etdi
İndoneziya hökuməti 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini qadağan edib.
Bu qərarla İndoneziya Cənub-Şərqi Asiyada uşaqların “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox”da hesab açmalarını qadağan edən ilk ölkə olub.
Hökumətdən bildirilib ki, qadağa uşaqları kiberhücumdan, onlayn fırıldaqçılıqdan və asılılıqdan qorumaq məqsədi daşıyır.
Həmçinin qaydalara əməl etməyən operatorların cərimələr və girişin bloklanması da daxil olmaqla, inzibati tədbirlərə məruz qalacağı vurğulanıb. Qadağalar İndoneziyada təxminən 70 milyon uşağı əhatə edəcək.
Qeyd edək ki, Avstraliya ötən ilin dekabrında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial media qadağası tətbiq edib. Bəzi Avropa ölkələri və Malayziya da oxşar tədbirləri nəzərdən keçirir.
