Kreml Aİ-nin Kiyevlə bağlı planına susur
“Bizim mövqeyimiz aydındır və hamıya məlumdur. Bunu amerikalılar və ukraynalılar da başa düşürlər. Biz Ukraynaya yenidən müharibəyə hazırlaşmaq üçün nəfəs almaq imkanı vermək məqsədilə atəşkəs istəmirik, sülh istəyirik. Biz bu müharibəni dayandırmaq, məqsədlərimizə çatmaq, maraqlarımızı təmin etmək arzusundayıq. Bununla yanaşı, Avropada sülhün hökm sürdüyü bir gələcək yaratmaq istəyirik”.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Müsahibəsi zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığının tarixi ilə bağlı suala cavab olaraq Dmitri Peskov Kremlin ən son belə bir xəbəri nə zaman yayımladıqlarına diqqət yetirməyi istəyib.
Qeyd edək ki, iki lider arasında telefon danışığı barədə Kremlin rəsmi saytında sonuncu dəfə oktyabrın 16-da məlumat verilib.
D.Peskov əlavə edib ki, ondan sonra heç bir danışıq olmayıb.
ABŞ Prezidenti Donald Tramp isə dekabrın 16-sı açıqlamasında vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə gün öncə Vladimir Putinlə telefonla danışıb.
D.Peskovun sözlərinə əsasən, Kreml hələlik Avropa İttifaqı liderlərinin Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini görməyib. Buna görə də məsələ ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməyəcək.
“İndiyə qədər medianın xəbərlərini görmüşük. Moskva Aİ liderlərinin zəmanətləri ilə bağlı bəyanatının mətnini görəndən sonra təhlil edəcək”, – deyə Dmitri Peskov əlavə edib.
