Livana hücumlar nəticəsində 127 dinc sakin ölüb
“İsrail ilə Livan arasında əldə olunan atəşkəsdən bir il keçsə də, İsrail Ordusunun hücumları qeydə alınır. Bu isə günahsız insanların ölümünə səbəb olur”.
Bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsinin nümayəndəsi Tamin əl-Xitan deyib.
O bildirib ki, 2024-cü ilin 27 noyabrından 2025-ci ilin 24 noyabrınadək 127 dinc sakin həlak olub:
“Fələstinlilərin sığındığı qaçqın düşərgəsinə noyabrda endirilən zərbədən sonra azı 13 dinc sakin ölüb. Onlardan 11-i uşaqdır. Bu ölümlər BMT tərəfindən sənədləşdirilib. Dinc sakinlərin hədəf alınması beynəlxalq hüququn pozulmasıdır”.
BMT-nin İnsan Haqları Komitəsinin nümayəndəsinin sözlərinə görə, İsrail Ordusunun qaçqın düşərgəsinə hücumu ilə bağlı dərhal istintaq başlamalıdır. Çünki dinc sakinlərin hədəfə alınması ilə yanaşı, atəşkəsin də pozulması beynəlxalq cinayətdir. Belə olan halda isə bəzi şəxslər məsuliyyətə cəlb olunmalıdır.
