Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər
Niderlandın Vyugt şəhərində məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər.
Bu barədə Niderland Penitensiar Xidmətinin sözçüsü Roksan Beysman məlumat verib.
"Həbsxananın iki əməkdaşı Psixiatriya şöbəsində girov götürülüb. Polis bölmələri hadisə yerindədir və vəziyyəti mümkün qədər tez nəzarətə götürmək üçün əlindən gələni edirlər", – deyə sözçü bildirib.
Roksan Beysman hadisənin həbsxananın ən təhlükəli məhbusların saxlandığı bölməsində olmadığını təsdiqləyib və əlavə edib ki, girov götürülən işçilərin ailələri hadisə ilə bağlı məlumatlandırılıb.
Yerli mətbuatın yazdığına görə, xüsusi təyinatlılar artıq həbsxanaya daxil olub.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi tərəfindən hadisənin yalnız həbsxana divarları arasında baş verdiyini və onun perimetrindən kənarda heç bir əməliyyat-axtarış tədbirlərinin aparılmadığı qeyd olunub.
