Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama
Bu yaxınlarda İrəvanda beynəlxalq hava limanında saxlanıldıqdan üç gün sonra sərbəst buraxılan rusiyalı riyaziyyatçı Mixail Verbitskiyə Ermənistanı tərk etmək imkanı verilib, o artıq İsrailin Təl-Əviv şəhərindədir.
Bu barədə “Azatutyun” məlumat yayıb.
Riyaziyyatçının vəkili Vaçe Simonyan bildirib ki, Baş Prokurorluq onun xahişini təmin edib və Rusiya hakimiyyətini tənqid edən alimin Ermənistanı maneəsiz tərk etməsinə icazə verib.
Moskva ABŞ-nin Harvard Universitetindən doktorluq dərəcəsi alan və beynəlxalq universitetlərdə dərs deyən 56 yaşlı Verbitskini 2025-ci ildən bəri “terror fəaliyyətinə açıq çağırış etmək”də, “terrorizmi açıq şəkildə haqlı çıxarmaq və ya müdafiə etmək”də ittiham edərək həbs etməyə çalışır.
Alim Rusiya Prezidenti Vladimir Putini və Ukraynaya qarşı dörd ildir davam edən müharibəni fəal şəkildə tənqid edir.
Riyaziyyatçı dünən sərbəst buraxıldıqdan sonra “Azatutyun”a Rusiyada nədə ittiham olunduğuna dair açıqlama verib:
“Guya mən “Crocus City Hall”da baş vermiş terror aktının araşdırılmasının nəticələrini şübhə altına almışam. Həqiqətən də, belədir, çünki bu terror aktında təqsirləndirilən şəxslərin qulaqları kəsilib, gözləri zədələnib, döyülüblər. Bu, dəhşətlidir. Mən istintaqın nəticələrini deyil, bunun necə baş verdiyini – insanların qulaqlarının və gözlərinin zədələnməsini, onların döyülməsini və bütün bunların televiziya vasitəsilə nümayiş etdirilməsini sual altına almışam. Sonra da deyirlər ki, bu, yaxşıdır, əladır”.
