Putin Tacikistan Prezidentinə başsağlığı verdi
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki məktəbdə tacikistanəsilli azyaşlının qətli ilə bağlı Prezident Emoməli Rəhmona başsağlığı verib.
Sankt-Peterburqda keçirilən MDB liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində Tacikistan lideri ilə ikitərəfli görüş zamanı Putin cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.
"Uşaqlara qarşı terror hücumları xüsusilə dəhşətli bir cinayətdir. Şübhəsiz ki, istintaq sona qədər aparılacaq və məsuliyyət daşıyanlar mütləq cəzalarını alacaqlar. Mən bu cinayətdən sadəcə şoka düşdüm. Bütün terror hadisələri pisdir. Lakin azyaşlıların hədəfə alındığı hücumlar insanda daha dəhşətli hisslər oyadır. Xahiş edirəm, həmin oğlanın ailəsinə ən səmimi başsağlığımı çatdırın", – deyə Rusiya lideri vurğulayıb.
Qeyd edək ki, dekabrın 16-da Moskva vilayətində yerləşən orta məktəblərdən birində milli-etnik zəmində cinayət hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi 4-cü sinif şagirdi, 10 yaşlı milliyyətcə tacik olan Kabilcon Əliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
