"Bu mənim vətəndaş mövqeyimdir" | Rusiya XİN sözçüsündən qalmaqal
“Yaxınlarda keçirilən bir görüşdə hələ də Ukraynaya silah tədarük edən dost olmayan ölkənin nümayəndəsinin əlini sıxmaqdan imtina etmişəm”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarovanın iddiasına görə, bu davranışı qarşı tərəf üçün “soyuq duş” effekti yaradıb.
“Yaxınlarda belə bir hal yaşandı, dost olmayan ölkənin nümayəndəsi ilə görüşməli oldum. O, vətəndaş cəmiyyəti nümayəndəsi yox, onların hakimiyyətini təmsil edən, Rusiyaya qarşı açıq şəkildə rusofob mövqedə duran bir nümayəndə idi. Danışıqlar zamanı hiss edirdim ki, ortaq məxrəcə gəlirik, bir məsələnin həllini tapmalı idik, tapdıq da. Danışıqlar bitdi.
Görüşdən sonra əlini uzadanda söylədim ki, məni bağışlayın, amma sizin ölkəniz terrorçu rejimə silah verir, siz də onu rəsmi şəkildə təmsil edirsiniz, ona görə də mən əl sıxmaqdan imtina edirəm. Şəxsi məsələ deyil, bu, sadəcə, mənim vətəndaş mövqeyimdir”.
Rusiya rəsmisi söhbətin kimdən getdiyini açıqlamayıb.
