"İran xalqı qalibdir" | İran XİN-in müavinindən sərt açıqlama - Baku TV
“Hörmüz boğazında ticarət gəmilərinə endirilən son zərbələrin konkret hədəfi Fransa donanması olmayıb”.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, boğazdan keçən gəmilərə, o cümlədən Fransanın konteyner gəmisinə açılan atəş Fransaya qarşı yönəlməyib. Məlumata görə, atəş xəbərdarlıq xarakteri daşıyıb və gəminin heyəti xəsarət almayıb.
Makron həmçinin bildirib ki, regiondakı son hadisələr gərginliyin dərhal azaldılmasının və diplomatik dialoqa qayıtmağın zəruriliyini göstərir.
Bu arada, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə qeyd edib ki, İranın strategiyası ABŞ Prezidenti Donald Trampın hədələri qarşısında dəyişməyəcək.
Onun sözlərinə görə, Vaşinqton bəzi iddialarından əl çəkməli və İran xalqının hüquqlarına hörmət etməlidir.
“Biz milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə getməyəcəyik. Çətinlikləri sağlam düşüncə ilə dəf edəcəyik. İran xalqı qalibdir və bu qələbəyə səbəb birlikdir”, – deyə Səid Xətibzadə qeyd edib.
