"Limanların blokadası müharibə aktıdır" | Yeni sanksiyalar müharibəyə səbəb olacaq? - Baku TV
ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı İran limanlarını blokadaya alması müvəqqəti atəşkəsin pozulmasıdır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"İran limanlarının blokadaya alınması müharibə aktıdır və atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə zərbələrin endirilməsi və onun heyətinin girov götürülməsi daha da ciddi pozuntudur. İran məhdudiyyətləri necə neytrallaşdırmağı, öz maraqlarını necə qorumağı və təzyiqə necə müqavimət göstərməyi bilir", – deyə paylaşımda bildirilib.
Bu arada, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib. Bu barədə sözügedən qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatında deyilir. Sənədə əsasən, məhdudiyyətlər səkkiz İran vətəndaşına, həmçinin İslam Respublikası və Birləşmiş Ərəb Əmirliyindən olan dörd şirkətə, eləcə də "Mahan Air" aviaşirkətinin iki "Boeing" təyyarəsinə şamil edilib.
