Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı
ABŞ Dövlət katibi Marko Rubio Rusiya və Ukrayna müharibəsində ABŞ-nin tərəfləri müharibəni dayandırması üçün hər hansısa razılaşmaya məcbur etmədiyini bildirib.
Dövlət katibi vurğulayıb ki, ABŞ bu müharibəni öz müharibəsi hesab etmir, lakin həm Ukrayna, həm də Rusiya ilə danışa bilən və sülh yolunun mümkün olub-olmadığını araşdıra bilən yeganə ölkədir.
O qeyd edib ki, Prezident Donald Tramp və ABŞ administrasiyasının yüksəksəviyyəli rəsmiləri, o cümlədən Stiv Uitkoff, Cared Kuşner, vitse-prezident, müdafiə və maliyyə nazirləri bu prosesə çox vaxt sərf ediblər.
Rubio bildirib ki, müharibələr adətən iki yolla başa çatır: ya bir tərəfin təslim olması, ya da danışıqlar yolu ilə. Hazırkı vəziyyətdə tərəflərdən heç biri təslim olmaq istəmədiyi üçün yeganə real variantın danışıqlar olduğunu deyib.
Rubioya görə, danışıqların uğurlu olması üçün hər iki tərəf nəsə əldə etməli, eyni zamanda nələrsə güzəştə getməlidir. ABŞ-nin məqsədi Rusiyanın və Ukraynanın hansı şərtlərlə razılaşa biləcəyini müəyyənləşdirməkdir.
O əlavə edib ki, yekun qərar ABŞ tərəfindən deyil, birbaşa Ukrayna və Rusiya tərəfindən veriləcək.
