Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib
15 Ukrayna vətəndaşı humanitar əməliyyat çərçivəsində Rusiyadan vətənə qaytarılıb.
Bu barədə Ukraynanın Ombudsmanı Dmitri Lubineç öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, əlavə olaraq daha 45 ukraynalı Rusiya ərazisindəki əcnəbilərin müvəqqəti saxlanma məntəqəsindən geri qaytarılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə Ukrayna və Rusiya insan hüquqları üzrə müvəkkillərinin görüşü zamanı Ukraynadan olan hərbi əsirlərə humanitar yardım, təxminən 2 min bağlama və ailələrindən məktublar da təqdim olunub.
Tərəflər həmçinin itkin düşmüş şəxslərin identifikasiyası, qanunsuz saxlanılan mülki şəxslərin geri qaytarılması, eləcə də Rusiyada məhkum edilmiş ukraynalı hərbi əsirlərinin statusu məsələlərini müzakirə ediblər.
Hər bir kateqoriya üzrə siyahılar təqdim olunub və humanitar məsələlərdə gələcək əməkdaşlıq barədə razılıq əldə edilib.
