Rusiyadan Ermənistana etiraz notası | İrəvan seçim qarşısında - Baku TV
“NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın ölkə ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq hərbi təlimlərində iştirakına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, NATO ilə manevrlər təəssüf doğurur, çünki məqsəd aydındır – Ermənistanı Rusiyanın simasında ənənəvi müttəfiqdən uzaqlaşdırmaq.
Zaxarovanın sözlərinə görə, bu cür təlimlər artıq birinci il deyil ki, keçirilir və sistemli xarakter alıb.
O, təlim zamanı məhz Rusiyanın ehtimal olunan düşmən kimi qəbul edildiyini və bunun NATO-nun doktrinal sənədlərində təsbit olunduğunu vurğulayıb.
“Erməni hərbçilərə Rusiyaya qarşı döyüşməyi öyrədəcəklər. Bir vaxtlar bunu təsəvvür etmək belə mümkün deyildi”, – deyə rusiyalı diplomat əlavə edib.
Mariya Zaxarova həmçinin Kremlin İrəvana etiraz notası göndərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya Gümrüdə Sovet abidəsinin təhqir edilməsi ilə əlaqədar Ermənistana etiraz notası verib.
Diplomat qeyd edib ki, Moskva ədalətli istintaq və məsul şəxslərin məsuliyyətə cəlb olunacağına ümid edir.
