Cərrah dedi, qızı öldürmüsünüz, nəyinə baxacağam? | Qohumlar göz yaşlarını saxlaya bilmədi - Baku TV
Tərtərdə 19 yaşlı qadın dünyasını dəyişib.
Hacıqərvənd kənd sakini Röya Alverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib.
Mərhumun yaxınları hadisənin həkim səhlənkarlığından baş verdiyini iddia edirlər.
“Saat 4-də doğuş baş verib. Düz beş saat bizi aldadaraq “indi çıxarırıq” dedilər. Ziyafət həkim bizim evimizi qıxdı, balamı öldürdü”, – mərhumun atası Zahid Həsənov bildirib.
Mərhumun həyat yoldaşı Teymur Alverdiyev isə əlavə edib ki, doğuş saat 4-də baş tutsa da, 11-ə qədər həkimlər uşaq və ananın vəziyyətinin yaxşı olduğunu bildirərək onları aldadıblar:
“Biz həmin müddət ərzində başqa həkim çağıra bilərdik. Tibb bacısı gəlib mənə dedi ki, kabab və şokolad al, qanaxma gedir, həyat yoldaşın bunları yeməlidir. Cərrah gəlib baxandan sonra bildirdi ki, qız ölüb, məni bura niyə çağırmısınız? Yoldaşım mütəmadi olaraq 9 ay boyunca yoxlanışlardan keçib, heç bir problemi olmayıb”.
Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-də saat 17:00 radələrində Xəstəxananın Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub. Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.
Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib. Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, saat 21:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, yeni doğulan körpənin vəziyyətinin qənəatbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
