Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Komissiyanın növbəti iclası dekabrın 22-23-də baş tutacaq.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov sədrlik edəcək.
İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard dollarlıq ticarət hədəfi istiqamətində atılacaq addımlar mövzular müzakirə olunacaq.
Komissiyanın iclası ilə yanaşı, Bakıda 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək.
Forumun keçirilməsində məqsəd iqtisadi əlaqələrin dərinləşdirilməsi, iş adamlarının bir araya gətirilməsi və ortaq investisiya imkanlarının inkişaf etdirilməsidir.
Eyni zamanda MÜSİAD çərçivəsində türk və azərbaycanlı iş adamlarının görüşü də nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.
