Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% çoxdur.
Hesabat dövründə həmçinin mazut istehsalı 31,1% artıb.
Bu dövrdə eyni zamanda 1 milyon 360,2 min ton həcmində dizel yanacağı, 26,3 min ton sürtkü yağları, 81,7 min ton neft bitumu, 107,2 min ton maye qazlar, 322,6 min ton ağ neft, 140,3 min ton neft koksu istehsal edilib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Azərbaycanı Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammalla təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.
