"Wood Mackenzie"yə SOCAR-ın strateji hədəfləri barədə məlumat verilib - Baku TV
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi vurğulanıb.
Rövşən Nəcəf qonaqlara SOCAR-ın strateji inkişaf prioritetləri, beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində həyata keçirilən islahatlardan danışıb.
O həmçinin şirkətin neft-qaz, emal, neft-kimya, bərpaolunan enerji və digər sahələrdə fəaliyyəti barədə məlumat verib.
SOCAR-ın prezidenti eləcə də Azərbaycanda və xarici ölkələrdə şirkətin icra etdiyi layihələrdən bəhs edib.
Tərəflər SOCAR ilə “Wood Mackenzie” arasında uğurla inkişaf edən əməkdaşlıq münasibətlərinin perspektivlərini nəzərdən keçiriblər, həmçinin qlobal enerji bazarlarında müşahidə olunan əsas meyllər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı neft və qaz emalı, bərpaolunan enerji, dekarbonizasiya, rəqəmsallaşma ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, analitik həllərin enerji sektorunda tətbiqi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
