Bir sıra ölkələr liderlərin Vaşinqton görüşünə münasibət bildirdi
İran Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin yekunlaşmasını alqışlayaraq bunu "dayanıqlı sülhün təminində mühüm addım" adlandırıb. Bu barədə qurumun bəyanatında vurğulanıb.
Bildirilib ki, İran İslam Respublikası Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyir, həm Azərbaycan, həm də Ermənistanla bu mövzuda təmasdadır. Bəyanatda qeyd edilib ki, regionda sülh və sabitlik bütün ölkələrin maraqlarına uyğundur.
Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi də Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib. Bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin başçısı özünün sosial şəbəkədəki səhifəsində bildirib.
O, bu irəliləyişin əldə olunmasının həyati rolunu təqdir etdiyini vurğulayıb: “Hər iki tərəf öhdəliklərinə əməl etdikcə Birləşmiş Krallıq Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.
Niderlandın Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmadan məmnunluq ifadə edib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmaları – Oval kabinetdə baş verən tarixi irəliləyişi alqışlayıram. Hər iki ölkəni və Trumpı bu irəliləyişi mümkün etdiklərinə görə təqdir edirəm. Qarşıda bəzi çətinliklər olsa da, sülh sazişi artıq əlçatandır. Niderland bu prosesdə öz sadiq dəstəyini davam etdirəcək”, – xarici işlər naziri Kasper Veldkamp qeyd edib.
