Leyla Əliyeva Türkmənistanda xeyriyyə Fondunun açılışında iştirak edib - Baku TV
Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.
Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb.
"Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib", – deyə o bildirib.
Leyla Əliyeva həmçinin "Galkynysh" Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.
Nümayişdən sonra Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.
Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.
